Skip to content Skip to main navigation Skip to footer

1. Əhali

Əhalinin sayının cari hesablanması əhalinin son siyahıyaalınmasıının yekunları əsasında aparılır. Hər il bu ərazidə doğulanların və buraya gələnlərin sayı əhalinin sayına artırılır və ölənlərin və buradan köçənlərin sayı əhalinin sayından çıxılır. Növbəti siyahıyaalınmanın yekunlarına əsasən əvvəlki siyahıyaalınmalararası dövrdə əhalinin sayı dəqiqləşdirilir. 

Doğum, ölüm, nikah və boşanmalar haqqında məlumatlar VADQ (Vətəndaşlıq Aktlarının Dövlət Qeydiyyatı) orqanları tərəfindən tərtib edilmiş aktlarda əks olunan qeydlərə əsasən statistik işlənmə nəticəsində əldə olunur. Doğulanların sayına yalnız diri doğulmuşlar daxil edilir.

Ölümə səbəb olmuş xəstəliyə, bədbəxt hadisəyə, qətlə, özünə qəsdə və başqa xarici təsirlərə uyğun olaraq həkim tərəfindən tərtib edilmiş ölüm haqqında həkim şəhadətnamələrindəki qeydlər ölümün səbəbləri haqqında informasiya mənbələri hesab edilir. Bu sənədlər ölüm haqqında akt qeydləri ilə birlikdə işlənməsi üçün dövlət statistika orqanlarına göndərilir.

Doğum və ölümün ümumi əmsalları- diri doğulanların və ölənlərin sayının əhalinin orta illik sayına nisbəti. Əhalinin hər 1000 nəfərinə hesablanır.

Təbii artımın əmsalı– doğumun və ölümün ümumi əmsallarının fərqidir.

Ölümün səbəbləri üzrə ölümün əmsalı– göstərilən səbəblərdən ölənlərin sayının əhalinin orta illik sayına nisbəti. Əhalinin hər 100000 nəfərinə hesablanır.

Körpə ölümünün əmsalı– bir yaşadək ölənlərin sayının həmin ildə doğulanların ümumi sayına nisbətidir. Hər 1000 diri doğulana hesablanır.

Nikahın və boşanmanın ümumi əmsalları - qeydə alınmış nikah və boşanmaların sayının əhalinin orta illik sayına nisbətidir. Əhalinin hər 1000 nəfərinə hesablanır. Bütün əmsallar il üçün hesablanır.

Əhalinin miqrasiyasıhaqqında məlumatlar daxili işlər orqanlarından daxil olan əhalinin yaşayış yeri üzrə qeydiyyatdan keçirilməsi zamanı tərtib edilən gəlmə və getməyə dair statistik uçot sənədlərinin təsdiq edilməsi nəticəsində əldə edilir.

yuxarı>>

2. Əmək ehtiyatları və əhalinin məşğulluğu

Muzdla işləyənlər (muzdlu işçilər) – müxtəlif mülkiyyət formalı müəssisənin, idarənin, təşkilatın rəhbərilə və ya ayrı-ayrı şəxslərlə əmək şəraiti və əmək haqqı barədə əmək müqaviləsi (kontrakt, saziş) bağlayaraq işləyənləri özündə birləşdirən daha çox işçi qrupudur.

Muzdla işləyənlərin orta illik sayı - hesabat ilinin əvvəlindən il ərzində bütün aylar üçün muzdlu işçilərin orta sayını cəmləyib, alınan nəticəni 12-yə bölməklə hesablanır.

Orta aylıq nominal əmək haqqı (pulla ödənilən) - əmək haqqı fondunu muzdla işləyənlərin (siyahı tərkibi) orta sayına bölməklə təyin edilir.

Hesabat ilinin sonuna siyahı tərkibində olan muzdlu işçilərin sayı (o cümlədən qadınların sayı) – ilin sonuna muzdlu işçilərin (siyahı üzrə) azyaşlı uşaqlara baxmağa görə və hamiləliklə əlaqədar olaraq məzuniyyətdə olan qadınlar daxil edilməklə təyin edilir ( illik hesabat IV bölmə arayışlar sütun 1 sətr 1 və o cümlədən sütun 3 sətr 1-in məlumatları).

yuxarı>>

3. Əhalinin mənzil şəraiti

Yaşayış evlərinin ümumi sahəsi – mənzillərin yaşayış və yardımçı sahələri, eləcə də lodciyaların, balkonların, aynabəndlərin, terras və anbar sahələrinin cəmidir. Yardımçı sahələrə mətbəxtlər, mənzildaxili dəhlizlər, vanna və duş otaqları, ayaqyolu, anbar və ya təsərrüfat şkafları daxildir.

Mənzillər – digər qonşu otaqlardan qapı yeri olmayan, divarlarla yaxud arakəsmələrlə ayrılmış daimi yaşayış üçün nəzərdə tutulmuş və avadanlıqlarla təchiz olunmuş binadır. Mənzilin mətbəxt, vanna (duş) otaqları üçün nəzərdə tutulmuş ayrı-ayrı otaqlar, habelə ümumi dəhlizə çıxışı və ya bilavasitə küçəyə çıxışı olmalıdır. Mənzil bir və ya bir neçə otaqdan ibarət ola bilər.

Mənzillərin özəlləşdirilməsi – könüllülük əsasında vətəndaşlara pulsuz verilmiş yaşadıqları mənzillər; növbədə olanlara və digər şəxslərə auksionlarla satılmış yeni tikilmiş məskunlaşmamış mənzillər, əsaslı tikintiyə və ya bərpaya ehtiyacı olan əhaliyə satılmış binalardakı mənzillər.
Mənzil fondu – bu fonda icra hakimiyyətinin, idarə və təşkilatların, ictimai təşkilatların, mənzil və mənzil-tikinti kooperativlərinin və vətəndaşların şəxsi mülkiyyətində olan mənzillər daxil edilir. Buraya həcminin qeyri-yaşayış binalarındakı (uşaq evlərində, uşaq bağçalarında, səhiyyə və təhsil obyektlərində) yaşayış üçün nəzərdə tutulmuş mənzillər də daxil edilir.

yuxarı>>

4. Təhsil və mədəniyyət

Məktəbəqədər tədris müəssisələrində müxtəlif yönümlü məktəbəqədər tədrisin ümumtəhsil proqramlarından istifadə edilir, iki aylıq körpələrdən tutmuş 6 yaşadək olan uşaqlara qulluq və nəzarət edilməsi, onların sağlamlığı, tərbiyəsi və təhsili təmin edilir.

Uşaqların məktəbəqədər müəssisələr ilə əhatə olunması anlayışı məktəbəqədər müəssisələrə gedən uşaqların sayının demoqrafiya statistikasının məlumatlarına görə, məktəbdə təhsil alan 6 yaşlı uşaqların sayına təshih edilmiş 1-5 yaşında olan uşaqların sayına nisbəti ilə müəyyənləşdirilir.

Ümumtəhsil məktəblərinə ibtidai, əsas və orta (tam) məktəblər, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəblər aid edilir.

Qeyri-dövlət ali və orta ixtisas təhsili müəssisələrinin sayında dövlət lisenziyasına malik olan məktəblər və texnikumlar uçota alınır.

Klub müəssisələrinin sayına klublar, saraylar və mədəniyyət evləri, yaradıcı işçi evləri, müəllim, həkim, aqronom, alimlər, turist, gənclər, musiqi mədəniyyəti, texniki yaradıcılıq evləri və əhalinin müəyyən peşə, milli, cins-yaş və digər sosial-demoqrafik kateqoriyaların mədəni marağına yönəldilmiş başqa asudə vaxt müəssisələri aid edilir.

yuxarı>>

5. Sağlamlığın mühafizəsi

Həkimlərin ümumi sayına müalicə, sanitariya təşkilatlarında, sosial təminat müəssisələrində, elmi tədqiqat institutlarında, kadr hazırlanması ilə məşğul olan müəssisələrdə, səhiyyə orqanları aparatında və s. işləyən ali tibb təhsilli bütün peşə həkimləri daxil edilir.

Orta tibb işçilərinin ümumi sayına müalicə, sanitariya təşkilatlarında, sosial təminat müəssisələrində, məktəbəqədər müəssisələrdə, məktəblərdə, uşaq evlərində və s. işləyən orta tibb təhsilli bütün şəxslər aid edilir.

Xəstəxana müəssisələrində inventar ilə təchiz edilmiş və xəstələr tərəfindən tutulub-tutulmamasından asılı olmayaraq xəstələri qəbul etməyə hazır olan çarpayılar uçota alınır.

Əhaliyə ambulatoriya-poliklinika yardımı göstərən tibb müəssisələrinin sayına ambulatoriya qəbulu ilə məşğul olan bütün tibb müəssisələri (poliklinikalar, ambulatoriyalar, dispanserlər, xəstəxanaların poliklinika şöbələri, həkim səhiyyə məntəqələri və s.) aid edilir.Əmək şəraiti nəzərə alınmaqla istehsal müəssisələrinin işçilərinin ayrı-ayrı kateqoriyaları, kommunal, uşaq, müalicə-profilaktika müəssisələrinin və başqa müəssisələrin işçiləri, eləcə də uşaq və yeniyetmələr mütəmadi olaraq profilaktika müayinələrindən keçirilir.

yuxarı>>

6. Turizm

Mehmanxana və mehmanxana tipli müəssisələr. Nömrələrin sayı müəyyən minimum sayından çox olan, vahid rəhbərliyə malik, nömrələrində gündəlik yataqların səliqəyə salınması və sanitar qovşağının yığışdırılması daxil edilməklə, turistlərə müəyyən xidmətlər göstərilən, xidmətlərin və mövcud olan avadanlıqların səviyyəsinə əsasən qrup və kateqoriyalara qruplaşdırılan müəssisələr aiddir.

Nömrə fondu. Yerləşdirmə obyektlərində nömrələrin ümumi sayı nəzərdə tutulur. Yerləşdirmə obyektlərində turistlərin müvəqqəti qalması üçün lazımi mebeli, avadanlığı və inventarı olan bir və ya bir neçə otağı olan nömrə adlanır.

Gecələmələr. Nömrə və yerlərin bronlaşdırılmasını daxil etməklə, il ərzində istifadə olunmuş daimi və müvəqqəti yerlərin sayını əks etdirir və mehmanxanada gecələyənlərin qeydiyyat kitabı əsasında təyin edilir. Bu göstərici “il ərzində təqdim edilən çarpayı – sutka” göstəricisi ilə eyni olub hesabat ili ərzində təqdim edilən çarpayıların sayını əks etdirir. Mehmanxanaların yüklənməsinin orta əmsalı (K) hesabat dövründə gecələmələrin orta birgünlük sayının birdəfəlik tutuma nisbəti kimi hesablanır.
Gecələmələrin sayı
K = ------------------------------------------------------------------------------- x 100
Birdəfəlik tutum x Hesabat dövründə günlərin sayı

yuxarı>>

7. Cinayətkarlıq

Cinayətkarlıq – müəyyən olunmuş vaxt müddətində konkret ərazidə baş vermiş cinayətləri əks etdirən, kəmiyyət və keyfiyyət göstəriciləri ilə xarakterizə olunan sosial-iqtisadi hadisədir.

Qeydə alınmış cinayətlər – cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş, aşkar edilmiş və rəsmi qeydiyyata alınmış ictimai təhlükəli əməldir.

Cinayət törətmiş şəxslər– barələrində cinayət işi açılmış və daxili işlər orqanları tərəfindən rəsmi qeydiyyata alınmış şəxslərdir.

Yetkinlik yaşına çatmayanların cinayətkarlığı– 14-17 yaşlı cinayət törətmiş şəxslərin məcmusudur.

yuxarı>>

8. Ticarət

Pərakəndə ticarət dövriyyəsi - əmtəələrin tədavül sferasından şəxsi istehlak sferasına hərəkətinin son mərhələsini, əmtəələrin əhaliyə satışını əks etdirir.

Pərakəndə ticarət dövriyyəsi iri və orta təşkilatlarda başdan-başa usulla aylıq statistik uçot, kiçik müəssisələrdə, fiziki şəxslərin ticarət şəbəkələrində, bazar və yarmarkalarda isə aparılan rüblük seçmə müayinələr əsasında hesablanır.

Adambaşına pərakəndə ticarət dövriyyəsinin həcmi hesabat dövründə ticarət dövriyyəsinin ümumi həcmini mövcud əhalinin orta illik sayına bölməklə hesablanır.

Fiziki həcm indeksləri - göstəricilərin real həcminin dəyişməsini xarakterizə edir. Hesabat dövründəki göstəricinin baza dövrünün qiymətləri ilə həcminin baza dövrü üzrə faktiki göstəriciyə faizlə nisbəti kimi hesablanır.

yuxarı>>

9. İaşə və xidmət

İaşə dövriyyəsi - iaşə şəbəkələri vasitəsi ilə kulinariya məhsulları, xörəklər, yarımfabrikatlar, həmçinin aşpazlıq emalından keçməmiş digər əmtəələrin əhaliyə satışını əks etdirir. Əhalinin sifarişi ilə onun şəxsi tələbatını ödəmək üçün göstərilən və haqqı əhali tərəfindən ödənilən xidmətlər əhaliyə göstərilən pullu xidmətlərə aid edilir.

Pullu xidmətlərin ümumi həcmi aşağıdakı növlər üzrə bölünür: məişət, sərnişin nəqliyyatı, rabitə və mənzil-məişət xidmətləri, məktəbəqədər uşaq müəssisələrində uşaqların saxlanılması üzrə xidmətlər, turist-ekskursiya və sanatoriya-kurort xidmətləri, mədəniyyət, səhiyyə, bədən tərbiyəsi, idman müəssisələrinin xidmətləri, hüquqi xarakterli, bank və digər təşkilatların (pullu kurslar, baytarlıq, mənzilin mühafizə edilməsi və s.üzrə xidmətlər) xidmətləri.

Məişət xidmətlərinə əhalinin fərdi sifarişi ilə yerinə yetirilmiş və haqqı ödənilmiş xidmətlər daxil edilir.

Uçot apararkən aşağıdakı xidmətlər növləri üzrə bölgü aparılır:ayaqqabı təmiri və tikişi; tikiş, xəz, dəri məmulatlarının, papaq və toxuculuq qalantereya məmulatlarının təmiri və tikişi; trikotaj məmulatının təmiri, tikişi və toxunması; məişət maşınları və alətlərinin təmiri; metal məmulatlarının təmiri və hazırlanması; vətəndaşlara məxsus olan nəqliyyat vasitələrinin təmiri və texniki xidmətlərin göstərilməsi; mebel təmiri və hazırlanması; kimyəvi təmizləmə və rəngləmə; camaşırxana xidmətləri; evlərin (mənzillərin) təmiri; fotoqrafiya və fotolaboratoriya xidmətləri; hamam və duş xidmətləri; kirayə məntəqələrinin xidmətləri; nəqliyyat xidmətləri; mərasim xidmətləri.

yuxarı>>

10. Ətraf mühitin mühafizəsi

İstifadə üçün təbii su mənbələrindən su götürülməsi sonradan istifadə etmək məqsədi ilə səthi su hövzələrindən (çaylar, göllər və dənizlər də daxil edilməklə) və yeraltı laylardan götürülmüş su resurslarının həcmidir. Götürülən suyun ümumi həcminə faydalı qazıntılar çıxarılarkən, tikinti üçün özül yerlərindən torpaq suları nasosla çəkilərkən əmələ gələn və istifadə edilən şaxta-mədən suları daxil edilir. Elektrik enerjisi almaq, gəmiləri şlüzdən keçirmək, balığı boşaltmaq, gəmilərin hərəkət etməsi üçün dərinliyi saxlamaq və s. məqsədi ilə su qovşağından buraxılan suyun həcmi bu göstəriciyə daxil edilmir. İri kanallara tökülmək üçün quyulardan, artezian quyularından, təbii su hövzələrindən qeyri-mərkəzləşdirilmiş qaydada götürülən suyun həcmi də həmçinin bu göstəriciyə daxil edilmir.
Zərərli maddələri atmosfer havasına atan stasionar mənbələr mütəşəkkil və qeyri-mütəşəkkil olaraq iki qrupa bölünür. Zərərli maddələri qaz və ya hava buraxan sistemlər (tüstü boruları, aerasiya fənərləri, ventilyasiya şaxtaları və s.) vasitəsilə havaya atan və bu zaman, bir qayda olaraq, zərərli məhsulları tutub zərərsizləşdirmək üçün müvafiq qaztəmizləyici və toztutan qurğulardan istifadə edən qeyri-səyyar mənbələr aid edilir. Texnoloji aqreqatların germetik olmaması, müxtəlif çənlərin, yükvurma-yükboşaltma sistemlərinin (məsələn, sement boşaltma yerlərinin) ekoloji cəhətdən avadanlıqla təchiz edilməməsi nəticəsində havaya zərərli maddələr tullayan mənbələr qeyri-mütəşəkkil stasionar mənbələr hesab edilir. Yanan terri-konlar, tüstülənən laylar və s. həmçinin buraya aid edilir.

yuxarı>>

11. Sənaye

Dəyər ifadəsində sənaye məhsulunun həcmi. . Müəssisənin sənaye məhsuluna hesabat dövründə istehsal edilmiş hazır məhsulun və kənara satılmış yarımfabrikatların (həm özünün xammal və materiallarından və həm də sifarişçinin xammal və materiallarından) hamısının dəyəri, habelə kənar müəssisələrin və yaxud qeyri-sənaye müəssisələrinin və özünə tabe olan təşkilatların sifarişi üzrə yerinə yetirilmiş sənaye xarakterli işlərin dəyəri daxil edilir. Sənaye müəssisəsinin məhsuluna həmin müəssisənin öz daxilində sənaye-istehsal ehtiyacları üçün istifadə edilmiş öz məhsulunun dəyəri daxil edilmir. Sənaye məhsulunun həcminin indeksi dəyər ifadəsində sənaye məhsulu həcminin dəyişməsi dinamikasını xarakterizə edir. 2001-ci ilin yanvarından başlayaraq sənaye statistikasında tətbiq edilən yeni metodologiyaya görə, artım (azalma) templəri məhsulun natura ifadəsində istehsalına əsaslanmaqla yanaşı aqreqasiya zamanı çəkilər sistemində dəyər ifadəsində “məhsul buraxılışı” göstərici deyil, beynəlxalq praktikaya uyğun olaraq “əlavə dəyər” göstəricisi əsasında hesablanır.

Sənaye istehsal heyətinin orta siyahı sayı,yəni hesabat ayı ərzində işçilərin orta aylıq sayı hesabat ayının bütün təqvim günlərində (bayram; qeyri-iş günləri və istirahət günləri də daxil edilməklə) siyahı üzrə gündəlik mövcud işçilərin sayını toplamaq və alınmış nəticəni ayın təqvim günlərinin sayına bölmək yolu ilə hesablanır.

Sənayedə orta aylıq əmək haqqı. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı cari dövr üçün əmək haqqı fondunun fəhlə və qulluqçuların orta siyahı sayına bölmək və alınmış nəticəni hesabat dövründəki ayların sayına bölmək qaydasında hesablanır.

Sənaye müəssisələri üzrə ilin əvvəlinə və axırına mövcud olan əsas fondlar. Əsas fondların tərkibinə daxil edilir: binalar, tikililər, ötürücü qurğular, işçi və güc maşınları, ölçü və nizamlayıcı alət və qurğular, laboratoriya avadanlığı, hesablama texnikası, nəqliyyat vasitələri, cihazlar, sənaye müəssisələrinin müxtəlif növlərindən olan əsas fondlar.

Fondla silahlanma.Əməyin fondla silahlanması sənaye-istehsal təyinatlı əsas fondların orta illik dəyərinin sənaye-istehsal təyinatlı işçilərin orta siyahı sayına nisbəti kimi hesablanır. Bu göstəricinin hesablanması zamanı ev təsərrüfatlarında sənaye məhsulu istehsalının dəyəri, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sənaye sahəsində fəaliyyət göstərənlərin işinin qiymətləndirilməsi də nəzərə alınır.

yuxarı>>

12. Tikinti

Əsas kapitala investisiyalar - əsas fondların yaradılmasına, təkrar istehsalına və alınmasına (yeni tikintiyə, obyektlərin genişləndirilməsinə, yenidən qurulmasına və texniki vasitələrin yenidən təchiz edilməsinə, binaların, qurğuların, maşınların, avadanlıqların, alət və inventarların alınmasına, əsas sürünün yaradılmasına, çoxillik əkmələr və s.) yönəldilmiş xərclərin yekunudur.

İstehsal təyinatlı obyektlərə yönəldilmiş investisiyalar – istehsal təyinatlı obyektlər o obyektlərə aiddir ki, onların tikintisi başa çatdıqdan sonra maddi istehsal sahəsində fəaliyyət göstərəcəklər.

Əsas kapitala yönəldilmiş xarici investisiya – xarici investorlar tərəfindən hesabat dövründə aparılan tikinti işləri üzrə maliyyə (valyuta xərcləri) və yaxud material xərcləri daxil edilir.

Əsas fondlar - əsas fondların tərkibinə tikintisi başa çatdırılan və hesabat dövründə istifadəyə verilən bina və qurğuların,bütün növ nəqliyyat vasitələrinin, rabitə vasitələrinin, kənd təsərrüfatı,ticarət, iaşə müəssisələrinin, mənzil-kommunal, təhsil, mədəniyyət, səhiyyə və eləcə də iqtisadiyyatın bütün digər sahələri üzrə vəsaitlərin, tikintinin smetasına daxil edilən və edilməyən,quraşdırılması tələb olunan və olunmayan istifadəyə verilmiş avadanlıqların,maşınların və bütün növ nəqliyyat vasitələrinin dəyəri və habelə əsas fondların tərkibinə daxil edilən digər növ xərclər daxildir.

Podrat müqavilələri ilə yerinə yetirilən işlər (yerinə yetirilmiş podrat işlərinin həcmi) – bu işlərə dövlət kontraktları və tikinti podrat müqavilələri üzrə sifarişçilərlə bağlanmış müqavilələrə görə öz güclərilə yerinə yetirilmiş işlərin həcmi daxil edilir. Bu işlərin dəyərinə tikinti-quraşdırma işlərinin (yeni tikinti,yenidənqurma,genişləndirmə və texniki təchizat və s.) əsaslı,cari və sair təmir işlərinin dəyəri daxildir.

İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi – ümumi sahəyə mənzildəki bütün otaqların sahəsi, mətbəxlərin,dəhlizlərin,sanitar qovşaqlarının, vanna və qarderobların, anbarların,eyvanların, lociyaların və digərlərin sahəsi daxildir.

Yaşayış evlərində mənzillər – daimi yaşayış üçün istifadə olunan, başqa yaşayış mənzilləri ilə daxili əlaqəsi olmayan və özünün pilləkən meydançasına, ümumi dəhlizə və ya bilavasitə küçəyə çıxış yolu olan sahədir. Mənzil bir neçə otaqdan ibarət ola bilər.

yuxarı>>

13. Nəqliyyat və rabitə

Nəqliyyat sektorunda yük daşınması -mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq əsas fəaliyyəti nəqliyyat işi olan hüquqi şəxslərin-müəssisələrin və hüquqi şəxs yaratmadan avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən kommersiya məqsədi ilə daşınmış yüklərin həcmidir.

Nəqliyyat sektorunda yük dövriyyəsi – nəqliyyat müəssisələri və hüquqi şəxs yaratmadan avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin-fərdi sahibkarların nəqliyyat vasitələrinin daşıdığı yükün həcminin daşınmış məsafə ilə əlaqədə ton- kilometrlə ifadə edir. Bu gostərici hər bir reys üzrə daşınmış yükün tonla miqdarının daşınma məsafəsinə-kilometrlərə vurulması hasillərinin cəmi kimi hesablanır.

Nəqliyyat sektorunda sərnişin daşınması – bütün növlərdən olan nəqliyyat vasitələri ilə daşınmış sərnişinlərin sayını əhatə edir.

Nəqliyyat sektorunda sərnişin dövriyyəsi sərnişin daşınma nəqliyyatının işinin həcmini məsafə ilə xarakterizə edir və sərnişin-kilometrlə ölçülür. Sərnişin dövriyyəsi daşınmış sərnişinlərin sayını onların daşınma məsafəsinə vurmaq yolu ilə hesablanır.
Rabitə xidmətlərindən əldə edilən gəlir.Rabitə müəssisəsinin əsas fəaliyyətindən əldə olunan gəlirlərin ümumi həcmidir. Bu göstərici əhaliyə, idarə, müəssisə və təşkilatlara göstərilmiş xidmətlər müqavilində rabitə müəssisəsinin əldə etdiyi pul vəsaitinin cəmini xarakterizə edir. Milli hesablar sisteminin tələblərinə uyğun olaraq digər iqtisadi sahələrdə olduğu kimi, rabitə müəssisələri üzrə də “rabitə xidmətlərindən əldə olunmuş gəlir” göstəricisi formalaşdırılarkən ümumi gəlirin həcmi mal və xidmətlərin satışından əldə edilən vəsaitin müəssisələrin (idarənin, təşkilatın və s.) hesablaşma hesabına daxil olmasından asılı olmayaraq, onun yaranması anındakı vəziyyətinə uyğun müəyyən edilir. Yəni, bu göstərici hesablanarkən əldə olunan faktiki gəlirin məbləği deyil, hesabat dövründə göstərilən xidmətlərə görə hesablanmış məbləğ əsas götürülür.

yuxarı>>