Tikintinin əsas göstəriciləri
29.11.2018 00:00
2018-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı istifadəyə verilmişdir.
2018-ci ilin yanvar-oktyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10013,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz az vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 57,0 faizi dövlət, 43,0 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 67,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
2018-ci ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,2 faizini əsaslı təmir, 4,5 faizini cari təmir, 20,6 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 81,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.